Geri qayıt Çap et

İzmirdə zavod partlayışının qurbanları 19-a çatdı

Türkiyənin İzmir şəhərində metallurgiya zavodunda baş verən partlayış nəticəsində həlak olanların sayı 19-a çatıb.

Bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Bildirilib ki, xilasedicilər partlayışdan sonra itkin düşən işçinin meyitini aşkar ediblər. İzmir Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda aparılan DNT analizi nəticəsində meyitin Barış Güneyə məxsus olduğu müəyyənləşdirilib.

“Xilasedicilər partlayışdan sonra itkin düşən Barış Güneyin meyitini tapıblar. Bununla da hadisə nəticəsində ölənlərin sayı 19-a yüksəlib”, – deyə nəşr qeyd edib.

Bütün qurbanların şəxsiyyəti müəyyən edildikdən sonra hadisə yerində axtarış-xilasetmə əməliyyatı dayandırılıb.

Qəzetin məlumatına görə, xəsarət alan daha iki işçinin xəstəxanada müalicəsi davam etdirilir.

Hazırda partlayışın səbəblərinin və hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Denmedia.az