Geri qayıt Çap et

Dünyanı gəzirdi, son dayanacağı ölüm oldu: 24 yaşlı səyahət blogeri çayda boğuldu - FOTO

Dünyanı gəzərək səyahət təcrübələrini sosial şəbəkələrdə paylaşan 24 yaşlı fransalı bloger Emma Mari Loran Nikaraquada istirahət zamanı faciəvi şəkildə həyatını itirib.

Hadisə oktyabrın 9-da, gecə saat 01:00 radələrində Nikaraquanın Çinandega bölgəsində, El Mansano yaşayış məntəqəsində baş verib.

Məlumata görə, Emma Mari Loran, 20 yaşlı İsveçrə vətəndaşı Noe Lina Lüser və 19 yaşlı nikaraqualı Karen Nahomi Lopes Montano pikap tipli avtomobillə Nahualapa çayını keçməyə çalışıblar.

Bölgədə yağan güclü yağışlar nəticəsində çayda suyun səviyyəsi yüksəlib. Bildirilir ki, avtomobilin sürücüsü, Meksika vətəndaşı Martin Gerardo Qarsiya Xiron çayı keçməzdən əvvəl suyun səviyyəsini yoxlamaq üçün maşından düşüb.

Lakin avtomobil çayın ortasına çatdıqda güclü axının təsiri ilə aşıb. Nəticədə maşında olan üç gənc qadın həyatını itirib. Sürücü isə öz imkanları hesabına xilas olmağı bacarıb.

Faciədən sonra Nikaraquanın həmprezidenti Rosario Murilyo çay keçidlərinin yaratdığı təhlükələrə diqqət çəkib.

“Çaylar aldadıcıdır. Onların sakit olduğunu düşünürsünüz, lakin bir anda axın güclənir və ailələri yasa qərq edən belə faciələr baş verir”, – deyə Murilyo bildirib.

Hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırma davam etdirilir.


Sosial şəbəkələrdə “your barefoot bff” (“sizin ayaqyalın ən yaxın dostunuz”) adı ilə tanınan Emma Mari Loran səyahətlərini və karavanda keçirdiyi həyatını izləyiciləri ilə bölüşürdü.

Instagram-da təxminən 50 min izləyicisi olan gənc bloger son paylaşımını ölümündən təxminən bir həftə əvvəl Portuqaliyadan etmişdi.

O, həmin paylaşımında ətrafımızdakı gözəllikləri görməyin və gündəlik həyatın kiçik anlarını dəyərləndirməyin vacibliyindən bəhs etmişdi.

Denmedia.az