Bosniya və Herseqovinanın şimalında Avropa İttifaqının Sülhməramlı Qüvvələrinə (EUFOR) məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə oktyabrın 29-da Brçko bölgəsinin Qoritse kəndi yaxınlığında, planlı təlim uçuşu zamanı baş verib.
Məlumata görə, İtaliyaya məxsus CH-47 “Chinook” tipli hərbi helikopter yerə çırpılaraq ciddi şəkildə parçalanıb.
İlkin məlumatlarda 3 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilsə də, sonradan ölənlərin sayı 4-ə yüksəlib.
İtaliya Müdafiə Nazirliyinin məlumatına görə, helikopterdə ümumilikdə 15 nəfər olub. Həlak olanlardan ikisi İtaliya ordusunun hərbçisi, digər ikisi isə İtaliya Qızıl Xaç Cəmiyyətinin Könüllü Hərbi Korpusunun üzvü olub.
Yaralılar xəstəxanalara yerləşdiriliblər. Son açıqlamaya əsasən, onların vəziyyəti sabitdir və həyatları üçün təhlükə yoxdur.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni faciə ilə bağlı başsağlığı verərək həyatını itirənlərin ailələrinə dəstəyini ifadə edib.
Qəzanın səbəbləri hələlik məlum deyil. EUFOR hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.