Geri qayıt Çap et

Toy arzuları yarımçıq qaldı: Timsah gənc qızı nişanlısının gözü qarşısında apardı

İndoneziyada ailə qurmağa hazırlaşan 24 yaşlı Selviana Ambu Kaka nişanlısının gözü qarşısında timsahın hücumuna məruz qalaraq həyatını itirib.

Hadisə ölkənin Sumba bölgəsindəki Bondo Kodi çayında baş verib.

Məlumata görə, gənc qadın nişanlısı Fabianus Dova və onun bacısı İmelda ilə birlikdə çay kənarında paltar yuyarkən təxminən 5 metr uzunluğunda timsahın hücumuna məruz qalıb.

Timsah qəfil sudan çıxaraq qadının ayağından yapışıb və onu çaya sürükləyib. Nişanlısı və yanındakı qohumu Selviananı xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Hadisədən sonra yerli sakinlər və təhlükəsizlik qüvvələri axtarışlara başlayıblar. Gənc qadının cansız bədəni ertəsi gün, oktyabrın 24-də, hadisə yerindən təxminən 30 metr aralıda tapılıb.

Axtarışlar zamanı hücumu törətdiyi güman edilən timsah da tutularaq öldürülüb.

Məlum olub ki, Cakartada işləyən Selviana nişan mərasiminə hazırlaşmaq üçün cəmi üç gün əvvəl doğma kəndinə qayıdıbmış. Onun nişanlısı ilə rəsmi nişan mərasimi oktyabrın 30-na planlaşdırılıbmış.

Denmedia.az 

Yerli hakimiyyət orqanları sakinləri timsahların yaşadığı Bondo Kodi çayının sahillərində ehtiyatlı olmağa çağırıblar.