Göyçay şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsi ilə Rauf İsayev küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, Nəriman Nərimanov küçəsi ilə hərəkətdə olan 77-RY-108 dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobillə Rauf İsayev küçəsi ilə hərəkət edən 90-GN-399 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil toqquşub.
Toqquşma nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib, eyni zamanda iki elektrik dirəyi aşıb. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Göyçay Rayon Elektrik Şəbəkəsinin nümayəndələri cəlb olunublar. Qəza nəticəsində elektrik xətlərində yaranan problem səbəbindən ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb. Həmçinin təhlükəsizlik tədbirləri ilə əlaqədar avtomobillərin hərəkəti qısa müddətə məhdudlaşdırılıb.
Sonradan qəzaya uğrayan avtomobillər hadisə yerindən kənarlaşdırılıb və ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar aparılır.
Əlibala Əsgərov
Denmedia.az