Cibuti sahillərində 300-dən çox miqrantı daşıyan qayığın çevrilməsi nəticəsində azı 139 nəfər həyatını itirib, 84 nəfər isə itkin düşüb.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, ölənlər arasında 15 uşaq da var.
Hadisə oktyabrın 8-dən 9-na keçən gecə Cibutinin Ədən körfəzi sahilində, Bab əl-Məndəb boğazı yaxınlığındakı Guhere ərazisi qarşısında baş verib.
Məlumata əsasən, 305 nəfərin olduğu qayıq Cibutidən Yəmən istiqamətində hərəkət edərkən çevrilib. Faciədən 82 nəfər sağ çıxıb. Sağ qalanların hamısının Efiopiya vətəndaşları olduğu bildirilir.

Hadisədən sonra ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
IOM-un açıqladığı 139 nəfərlik rəsmi ölüm sayı yalnız Cibuti hakimiyyəti tərəfindən dəfn edilən şəxsləri əhatə edir. Bəzi ölənlərin digər miqrantlar tərəfindən dəfn edildiyi, həmin şəxslərin meyitləri rəsmi şəkildə təsdiqlənməyənədək statistikaya daxil edilməyəcəyi qeyd olunub.
Bu səbəbdən faciədə ölənlərin sayının daha da arta biləcəyi istisna edilmir.
Bölgədə itkin düşənlərin axtarışı və sağ qalanlara yardım göstərilməsi davam etdirilir.