Geri qayıt Çap et

Qızıl mədənində dəhşətli hücum – Onlarla şaxtaçı öldü

Sudanın şimalında, Misir sərhədi yaxınlığında yerləşən qızıl mədəninə endirilən hava zərbəsi nəticəsində azı 72 şaxtaçının öldüyü bildirilir.

Sudanda fəaliyyət göstərən “Emergency Lawyers” hüquq müdafiə təşkilatının məlumatına görə, hücum oktyabrın 10-da sərhəd bölgəsindəki qızıl hasilatı sahəsinə endirilib. Təşkilat ölənlərin sayının ilkin olaraq 72 nəfər olduğunu, rəqəmlərin dəqiqləşdirilməsinin davam etdiyini bildirib.

“Sudan Doctors Network” də bölgədə hava zərbəsinin baş verdiyini təsdiqləyib. Təşkilat ilkin mərhələdə ən azı 13 nəfərin öldüyünü, lakin itkilərin sayının arta biləcəyini bildirmişdi.

“Emergency Lawyers” hücumun Misir Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini iddia edib. Lakin bu məlumat müstəqil şəkildə təsdiqlənməyib və Misir tərəfi ittihama dair rəsmi açıqlama verməyib.

Bəzi məlumatlara görə, mədənçilərə daha əvvəl ərazini tərk etmələri barədə Misir hakimiyyəti tərəfindən xəbərdarlıq edilib. Hadisənin baş verdiyi sərhəd ərazisinin dəqiq statusu ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Hava zərbəsində istifadə olunan döyüş təyyarəsinin tipi və hücumun dəqiq səbəbi hələlik açıqlanmayıb.

Denmedia.az