İspaniyada ana və qızın təxminən iki il ərzində evdə vəfat etmiş ailə başçısının meyiti ilə birlikdə yaşadığı məlum olub.
EFE Noticias agentliyinin məlumatına görə, hadisə Barselona yaxınlığındakı Kabrera-d'Anoya bələdiyyəsində qeydə alınıb.
Qonşular ev sakinlərini uzun müddətdir görmədiklərini, binanın ətrafında isə zibil və çirk yığıldığını bildirərək polisə müraciət ediblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə iki qadın və mənzilin sahibi olan 75 yaşlı kişinin meyitini aşkar ediblər.
İlkin məlumatlara əsasən, kişi təxminən iki il əvvəl təbii səbəblərdən dünyasını dəyişib. Meyitə baxış zamanı zorakılıq əlamətləri aşkarlanmayıb.
Ölümün dəqiq səbəbini və təxmini vaxtını müəyyənləşdirmək üçün meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
Polisin məlumatına görə, ana və qız ən azı COVID-19 pandemiyası dövründən bəri demək olar ki, evdən çıxmayıblar.
Qadınlar saxlanılmayıb. Hazırda onlara tibbi və sosial xidmətlər tərəfindən yardım göstərilir.