İngiltərənin Suffolk qraflığında uşaq meydançasından yoxa çıxan üç yaşlı oğlanın tapılması üçün genişmiqyaslı axtarışlara başlanılıb.
Metro nəşrinin məlumatına görə, uşağın itkin düşməsi böyük ictimai rezonans doğurub. Yerli sakinlər də polisə kömək etmək üçün axtarışlara qoşulublar. Hüquq-mühafizə orqanları əməliyyata iki helikopter cəlb edib.
Müşahidə kameralarının görüntülərinə əsasən, oğlan uşaq meydançasının yaxınlığındakı dalana qaçaraq yeni yaşayış kompleksinə doğru hərəkət edib və bundan sonra onun izi itib. Axtarışlar hələlik nəticə verməyib. Əməliyyata sahil mühafizəsi də cəlb olunub.
Bildirilir ki, uşaq beş yaşadək uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasına qohumu ilə gəlib. Polisin məlumatına görə, oğlanın buruq kürən saçları var və bu, onun tanınmasını asanlaşdıra bilər. Həmçinin uşağın autizmli olduğu bildirilir.
Polis yerli sakinlərdən müşahidə kameralarının qeydlərini təqdim etməyi, eləcə də həyətlərini, bağlarını, anbar və digər yardımçı tikililəri yoxlamağı xahiş edib.