Geri qayıt Çap et

Komadan ayıldı, ana dilini unutdu – Gördükləri isə onu heyrətləndirdi

ABŞ sakini Vanya Valtriani 2014-cü ildə keçirdiyi ağır insultdan sonra komaya düşüb və həmin vaxt gördüyünü dediyi qeyri-adi görüntülərdən danışıb.

“The Sun” nəşrinin məlumatına görə, qadın ailəvi tədbir zamanı rəqs edərkən qəfil şiddətli baş ağrısı hiss edib və huşunu itirib. Daha sonra həkimlər onun hemorragik insult keçirdiyini müəyyən ediblər. Valtriani komaya düşüb və həyati funksiyaları dəstəkləyən aparata qoşulub.

Qadının sözlərinə görə, koma vəziyyətində olarkən vəfat etmiş atasını və mələk kimi təsvir etdiyi bir varlığı görüb.

“O, hündürboylu idi, şabalıdı saçları və heyrətamiz qəhvəyi gözləri vardı. Sanki gözlərinin içində alov yanırdı”, – Valtriani gördüyünü iddia etdiyi varlığı belə təsvir edib.

Komadan ayıldıqdan sonra isə qadın başqa bir problemlə üzləşib. O, ana dili olan portuqal dilini unutduğunu və bu dili yenidən öyrənməli olduğunu bildirib. Valtrianinin sözlərinə görə, həkimlərdən biri onun sağ qalmasını “möcüzə” adlandırıb.

Yaşadıqlarından sonra həyata münasibətinin dəyişdiyini deyən qadın uğursuzluqlara görə əvvəlki qədər narahat olmadığını və sağlamlığına daha çox diqqət yetirməyə başladığını bildirib.

Denmedia.az