Geri qayıt Çap et

Qatar Airways təyyarəsində bomba həyəcanı: İhbarçı 14 yaşlı uşaq çıxdı

Böyük Britaniyada Mançester hava limanına enməyə hazırlaşan Qatar Airways təyyarəsinə bomba qoyulması ilə bağlı daxil olan məlumatın yalan olduğu üzə çıxıb.

“The Independent” nəşrinin məlumatına görə, hadisə ilə əlaqədar Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” qırıcıları havaya qaldırılıb.

Böyük Britaniya Müdafiə Nazirliyi qırıcıların Linkolnşir bölgəsindəki bazadan qalxaraq Mançesterə yaxınlaşan təyyarəni müşayiət etdiyini təsdiqləyib. Təhdid barədə məlumat saat 18:00 radələrində daxil olub.

Bundan sonra polis, hərbi hava qüvvələri və hava limanının əməkdaşları koordinasiyalı şəkildə hərəkətə keçiblər.

Təyyarə təhlükəsiz şəkildə eniş edib, sərnişinlər və ekipaj üçün hər hansı təhlükənin yaranmadığı bildirilib.

Araşdırma nəticəsində yalan məlumatı verən şəxsin təyyarədə olmayan, Bolton şəhərində yaşayan 14 yaşlı uşaq olduğu müəyyənləşib. Polis uşağın istintaqla əməkdaşlıq etdiyini açıqlayıb.

Baş müfəttiş Gary Homa belə yalan məlumatların təcili xidmətlərin resurslarının əsassız yerə sərf olunmasına, sərnişinlər və ictimaiyyət arasında isə lazımsız təşviş yaranmasına səbəb olduğunu bildirib.

O vurğulayıb ki, belə saxta məlumatlar zarafat deyil və ciddi hüquqi nəticələrə səbəb ola bilər.

Denmedia.az