Geri qayıt Çap et

Piyada səkisində yaranan dərin çuxur sakinləri şikəst edib: Əraziyə aidiyyatı qurumlar cəlb olundu-VİDEO

Abşeron rayonu ərazisində, Ekologiya postundan Sulutəpə istiqamətində uzanan avtomobil yolunun kənarında yerləşən piyada səkisi artıq insanların təhlükəsiz hərəkəti üçün yox, əksinə, həyati risk yaradan əraziyə çevrilib. Səkidə yaranmış iri və dərin çuxur gün ərzində yüzlərlə sakinin üzləşdiyi ciddi problem olaraq qalır.

Bu barədə Denmedia.az-a sakinlər məlumat veriblər.

Sakinlər ciddi narahatdır. Xüsusilə gecə saatlarında işıqlandırmanın zəif olduğu vaxtlarda bu çuxuru görmək mümkün olmur. Artıq həmin dəliyə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alan insanlar da var. Təhlükədən yayınmağa çalışan piyadalar isə məcburən intensiv hərəkətli avtomobil yoluna çıxırlar. Bu isə onları nəqliyyat vasitələri ilə üz-üzə qoyaraq faciə riskini daha da artırır.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, mövcud təhlükəyə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilmir. Problemin aradan qaldırılması istiqamətində isə heç bir tədbirin görülmür. Halbuki söhbət təkcə sıradan bir yol qüsurundan yox, insanların həyat və sağlamlığını birbaşa təhdid edən təhlükədən gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən ərazinin onların səlahiyyət dairəsində olmadığını deyir. 

Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ərazidə yerləşən piyada səkisi və dəliyin olduğu hissə illər əvvəl qanunvericiliyə uyğun şəkildə bir vətəndaşın mülkiyyətinə verilib. Rəsmi layihə sənədlərində həmin ərazi üzrə piyada səkisinə qapıların açılmasına da icazə nəzərdə tutulub.
Bununla belə, məsələ ilə bağlı gün ərzində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib. Qeyd olunub ki, gələcəkdə yol ötürücülərinin genişləndirilməsi işləri həyata keçiriləcəyi təqdirdə, sözügedən problemə də həmin layihə çərçivəsində baxılması mümkün olacaq.

Nizami Rəsulov