İndoneziyada evi dəfələrlə oğruların hədəfinə çevrilən gənc mülkünü qorumaq üçün qeyri-adi üsula əl atıb.
O, qonşuları ilə birlikdə gecə saatlarında evdə gizli tələ qurub və oğruları pusquda gözləməyə başlayıb.
Bir müddət sonra evə girməyə çalışan 4 oğurluq şübhəlisi qurulan tələyə düşərək cinayət başında yaxalanıb.
Bundan sonra ev sahibi və qonşuları polisə xəbər verməzdən əvvəl şübhəliləri qeyri-adi şəkildə cəzalandırıblar. Onlar qaçmalarının qarşısını almaq üçün dörd nəfəri yan-yana düzüb yapışqan lenti ilə bərk-bərk sarıyıblar.
Hadisənin ən diqqətçəkən tərəfi isə bununla bitməyib. Qonşular şübhəlilərin başına yapışqan lentindən “qulaqlar” düzəldərək onları məşhur “Teletubbies” cizgi filmi qəhrəmanlarına bənzədiblər.
Ev sahibinin telefonla çəkdiyi görüntülər sosial şəbəkələrdə yayılandan sonra böyük rezonans doğurub. Video qısa müddətdə milyonlarla dəfə izlənilib.
Hadisə ilə bağlı İndoneziyanın rəsmi qurumları şübhəlilərin sonrakı taleyi barədə hələlik açıqlama verməyib.