Əfqanıstanda 6,0 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Əfqanıstan ərazisində yerləşsə də, yeraltı təkanlar Tacikistan və Özbəkistanda da hiss olunub.
Şahidlərin sözlərinə görə, Düşənbədə təkanlar hiss ediləcək dərəcədə güclü olub. Hazırda Tacikistan rəsmilərindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Özbəkistan seysmoloqlarının məlumatına görə, zəlzələnin episentri Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətində olub. Ocaqda maqnitudanın 6,0 olduğu bildirilib.
Yeraltı təkanlar Özbəkistanın bir sıra bölgələrində də hiss edilib. Surxandərya, Qaşqadərya, Fərqanə, Cizzəx, Səmərqənd və Sırdərya vilayətlərində təkanların intensivliyi 4 bal təşkil edib.
Daşkənd və Daşkənd vilayətində isə zəlzələ 2-3 bal gücündə hiss olunub.
Hazırda ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Məlumatlar dəqiqləşdirilir.