İsrail hakimiyyəti fransız jurnalist Alis Frussarı ölkəyə buraxmayaraq deportasiya edib. Buna səbəb kimi onun Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi göstərilib.
Bu barədə İsrailin diaspora işləri və antisemitizmlə mübarizə naziri Amixay Şikli bildirib.
Son 6 il ərzində regionda yaşayan və işləyən Frussar ən yaxın reyslə Parisə geri göndərilib.
Şikli sosial şəbəkədə yazıb:
Ondan əvvəlki digər təhrikçilər kimi, Alis Frussar da anladı ki, biz oyun qaydalarını dəyişmişik. HƏMAS-ı və İsrail Dövlətinə qarşı boykot, investisiyaların geri çəkilməsi və sanksiyalar hərəkatını dəstəkləyən hər kəs ölkəyə daxil ola bilməyəcək. Yaxşı yol!
Nazirliyin məlumatına görə, Frussar uzunmüddətli işini davam etdirmək üçün 11 iyun səhər saatlarında İsrailə gəlib. Sərhəd nəzarəti zamanı jurnalistin yəhudi dövlətinə qarşı düşmən xarakterli ifadələr işlətdiyi müəyyən edilib.
İsrail tərəfinin iddiasına görə, Frussar 7 oktyabr hadisələrini “kontekstdə nəzərdən keçirmək” lazım olduğunu deyib, İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini “qırğın” adlandırıb və İsrail dövlətini aparteid siyasəti yürütməkdə ittiham edib.
Alis Frussar Fransada tanınmış jurnalistdir. O, RFI radiosu, Le Figaro və Mediapart qəzetləri, həmçinin TV5Monde telekanalı ilə əməkdaşlıq edir.
Onun ölkəyə girişinə qadağa qoyulması barədə qərar Diaspora İşləri Nazirliyinin tövsiyəsi əsasında qəbul edilib və Əhali və İmmiqrasiya İdarəsi tərəfindən təsdiqlənib.