Tibetdə Kaylas dağı yaxınlığında 1000-dən çox xarici zəvvar hava şəraiti və marşrutda yaranan sıxlıq səbəbindən çətin vəziyyətdə qalıb.
Bu barədə TASS-a Rusiya alpinisti, “Elbrus ekspert” klubunun təsisçisi Sergey Sotnikov məlumat verib.
Onun sözlərinə görə, zəvvarlar Şərqin bir çox dini üçün müqəddəs sayılan Kaylas dağı ətrafında məşhur ziyarət marşrutuna buraxılmırlar.
“Kaylas dağı ətrafındakı kora marşrutunda hazırda 1000-dən çox xarici zəvvar qalıb. Onları marşruta buraxmırlar”, deyə Sotnikov bildirib.
O izah edib ki, dağ ətrafında bu qədər insanın toplaşmasına səbəb Saga Dava bayramıdır. Qırmızı Od Atı ilində bu bayramın belə xüsusi formada qeyd olunması 60 ildə bir dəfə baş verir.
“Bu, buddizmdə ən mühüm bayramlardan biridir. İnsan həyatında yalnız bir dəfə şahid ola biləcəyi unikal hadisədir”, deyə alpinist qeyd edib.
Sotnikovun sözlərinə görə, marşrut bu qədər insan üçün nəzərdə tutulmayıb. Bundan əlavə, hava şəraiti pisləşib və qar yağmağa başlayıb.
Turizm zonasının qərargahından verilən son məlumata əsasən, bu gün ziyarətçilərin trekinq marşrutuna çıxmasına icazə verilmir. Onlar yalnız Səsionq meydanına gedərək bayram mərasimini izləyə və dua bayraqları asa bilərlər.
Alpinist vurğulayıb ki, məhdudiyyət istisnasız olaraq hamıya şamil edilir.
“Bu gün biletin olması da marşruta çıxmaq hüququ vermir. Yalnız bayram meydançasını ziyarət etməyə və Saga Dava tədbirlərində iştirak etməyə icazə verilir”, deyə o bildirib.
Qeyd edək ki, Kaylas dağı hinduistlər, buddistlər, caynistlər və Tibet bon ənənəsinin ardıcılları tərəfindən müqəddəs sayılır. Onlar bu zirvəni Kainatın mərkəzi hesab edir və onun ətrafında ziyarət yürüşləri həyata keçirirlər.
Bu marşrut dağ trekinqi həvəskarları arasında da populyardır. Bununla belə, indiyədək heç bir alpinist Kaylas zirvəsini fəth edə bilməyib.