Sumqayıt şəhərində son günlər geniş ictimai müzakirələrə səbəb olan qanunsuz tikili ilə bağlı məsələ öz həllini tapıb.
Denmedia.az xəbər verir ki, şəhərin ən çox ziyarət edilən istirahət məkanlarından biri olan Nəsimi adına Mədəniyyət və İstirahət Parkında inşa edilən obyektin qanunsuz olduğu müəyyən edildikdən sonra dərhal söküntü işlərinə başlanılıb.
Aparılan monitorinqlər nəticəsində məlum olub ki, sözügedən tikili müvafiq icazələr olmadan və şəhərsalma normalarına zidd şəkildə inşa edilib. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən obyektin ləğvi ilə bağlı qərar qəbul olunub.
Söküntü işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Sumqayıt Bələdiyyəsinin əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilib. Proses zamanı təhlükəsizlik qaydalarına tam riayət olunub və ərazidə hər hansı əlavə risklərin qarşısı alınıb.
Qeyd edək ki, bu məsələ bir neçə gündür sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilmişdi. Şəhər sakinləri park ərazisində qanunsuz tikintinin aparılmasından narahatlıqlarını ifadə edir, ictimai məkanların qorunmasının vacibliyini vurğulayırdılar. Məhz ictimai reaksiyanın və operativ araşdırmanın nəticəsi olaraq məsələ qısa müddətdə öz həllini tapıb.
Hazırda park ərazisində təmizləmə və bərpa işlərinin aparılması nəzərdə tutulur. Məqsəd ərazini əvvəlki vəziyyətinə qaytarmaq və sakinlərin rahat istifadəsini təmin etməkdir.
Ellada Rəsul
Denmedia.az