Geri qayıt Çap et

Xurafat 13 yaşlı uşağın həyatını aldı - VİDEO

Hindistanda 13 yaşlı oğlan zəhərli ilan sancmasından sonra faciəvi şəkildə həyatını itirib. Ailəsi onu dərhal həkimə aparmaq əvəzinə rituala üz tutaraq uşağı 12 saat ərzində Qanq çayının suyunda saxlayıb.

Bu barədə Oddity Central nəşri yazır. Hadisə cəmiyyətdə ciddi narazılıq yaradıb və xurafatın təhlükələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

“Şaman”ın məsləhəti ilə ailə uşağı müqəddəs sayılan Qanq suyuna salaraq onun sağalacağına ümid edib. Həlak olan uşaq, 4-cü sinif şagirdi Amit, Uttar-Pradeş ştatının Pitampur kəndində yaşayırdı. Hadisə ötən cümə axşamı baş verib — ilan sancdıqdan sonra uşaq dərhal ailəsinə xəbər verib.

Lakin ailə onu xəstəxanaya aparmaq əvəzinə yerli “müalicəçi”yə müraciət edib. Bildirilir ki, “şəfaçı” uşağı bambuk dirəklərə bağlayaraq Qanq çayında saxlamağı tövsiyə edib ki, guya müqəddəs su zəhəri çıxarsın.

Yalnız 12 saat sonra uşağın vəziyyəti kəskin pisləşdikdə və o huşunu itirdikdə ailə həkimə müraciət edib. Lakin artıq gec olub — uşağın həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, yaxınları bundan sonra belə onun cəsədini Qanqa ataraq möcüzə gözləməyə çalışıblar.

Yerli həkim Şaşank Çaudxari bildirib ki, belə hallarda hər dəqiqə həyati əhəmiyyət daşıyır və yalnız vaxtında tibbi yardım insan həyatını xilas edə bilər.

Hadisə sosial şəbəkələrdə böyük rezonans doğurub. İstifadəçilər valideynlərin məsuliyyətə cəlb olunmasını tələb edir. Hazırda hüquq-mühafizə orqanlarının bu iş üzrə rəsmi ittiham irəli sürüb-sürməyəcəyi məlum deyil.

DenMedia.az