Geri qayıt Çap et

Arı 100-dən çox sərnişinin uçuşunu dayandırdı

Avstriyada kiçik bir arı 29 tonluq sərnişin təyyarəsinin uçuşunu dayandırıb. Bu barədə The Aviation Herald portalı məlumat yayıb.

Məlumata görə, Austrian Airlines aviaşirkətinə məxsus təyyarə İnsbrukdan Vyanaya uçuş həyata keçirməyə hazırlaşarkən, pilotlar start zamanı cihaz göstəricilərində uyğunsuzluq aşkar ediblər və uçuşu dayandırıblar.

Sərnişinlər təyyarədən endirilib və nasazlığın səbəbi araşdırılıb. Məlum olub ki, uçuşdan əvvəl Pito borusuna — sürəti ölçən qurğuya — arı daxil olub.

Təyyarədə ümumilikdə 107 nəfər olub, onlardan 102-si sərnişin idi.

Bu kiçik səbəbə görə sərnişinlər ehtiyat təyyarə ilə təxminən 5 saat gecikmə ilə uçublar.

DenMedia.az