ABŞ-ın Texas ştatında yaşayan 34 yaşlı Devon Vanterpul stomatoloq müayinəsindən sonra inkişaf edən sepsis səbəbindən qollarını və ayaqlarını itirib. Bu barədə People nəşri məlumat yayıb.
Dekabrın 29-da diş ətlərində iltihabla həkimə müraciət edən Vanterpulun diş ətlərinə toxunulan zaman qanaxma baş verib. Ehtimal olunur ki, həmin anda bakteriyalar qana keçib. Cəmi 45 dəqiqə sonra onun vəziyyəti kəskin pisləşib və güclü titrəmə başlayıb.
Xəstəxanaya çatdırılan Devon Vanterpulun vəziyyəti daha da ağırlaşıb. Onda sepsis inkişaf edib, daha sonra ürək dayanması baş verib və həkimlər onu süni həyat dəstəyinə qoşublar. Ardınca isə toxumaların sürətlə məhvinə səbəb olan ağır damar pozuntusu yaranıb.
Həkimlər ölmüş toxumaları təmizləməyə çalışsalar da, bu, yeni septik şoka səbəb olub. Nəticədə onun həyatını xilas etmək üçün radikal addımlar atılıb — Vanterpulun sağ ayağı və sağ əli tam, sol ayağı dizdən aşağı və sol qolu isə ön hissədən amputasiya edilib.