İstanbulun Beşiktaş rayonunda İsrail konsulluğu yaxınlığında atışma baş verib.
Bu barədə DenMedia.az Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 polis əməkdaşı yaralanıb.
Bildirilir ki, ərazidə silahlı şəxslər atəş açıb. Hadisə yerindən yayılan görüntülərdə polis əməkdaşlarının silahlarını çıxararaq sığınacaq axtardığı və atəş səslərinin eşidildiyi görünür.
Qeyd olunur ki, sözügedən konsulluq binası artıq iki ildən çoxdur fəaliyyət göstərmir və hadisə zamanı orada əməkdaşların olub-olmaması məlum deyil. Ətraf ərazidə isə böyük bankların ofisləri yerləşir.
Türkiyə mediasının məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən ən azı üç silahlı şəxs zərərsizləşdirilib, bir nəfər isə yaralı halda saxlanılıb.
Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub və ərazi nəzarətə götürülüb. Türkiyə Ədliyyə Nazirliyi faktla bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Eyni zamanda, İsrailin Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yayılan məlumatları yoxladığını bildirib.