Geri qayıt Çap et

ABŞ “dəhşətli hadisə” - silahlı şəxs avtomobillə sinaqoqa basqın etdi

ABŞ-ın Miçiqan ştatında sinaqoqa silahlı hücum edilib. Bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, silahlı şəxs avtomobillə Detroyta yaxın Uest-Blumfild şəhərində yerləşən “Temple Israel” sinaqoqunun binasına daxil olub. Hadisədən sonra təhlükəsizlik əməkdaşları atəş açaraq hücum edəni zərərsizləşdiriblər.

Oklend dairəsinin şerifi Maykl Buşar bildirib ki, hücum edən şəxsin binaya qəsdən çırpıldığı müşahidə kameralarının görüntülərindən aydın görünür. Onun avtomobili binanın içərisinə qədər daxil olub, daha sonra isə maşında yanğın baş verib.

Məlumata görə, hadisə nəticəsində sinaqoqun təhlükəsizlik əməkdaşlarından biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində təxminən 200 polis avtomobili və taktiki geyimli hüquq-mühafizə əməkdaşları cəlb olunub. FBI agentləri də araşdırmaya qoşulub.

Bildirilir ki, hücum edən şəxsin cəsədi avtomobilin içərisində tapılıb və güclü yanıq səbəbindən şəxsiyyətinin müəyyənləşdirilməsi çətinləşə bilər.

Qeyd edək ki, “Temple Israel” ABŞ-da ən böyük reformist sinaqoqlardan biridir. Sinaqoqun nəzdində məktəb və erkən inkişaf mərkəzi fəaliyyət göstərir. Hadisə zamanı bütün şagirdlər və əməkdaşlar təhlükəsiz şəkildə təxliyə olunub.

ABŞ prezidenti Donald Tramp hadisə barədə məlumatlandırılıb və Miçiqandakı yəhudi icmasına dəstəyini ifadə edib. Ştatın qubernatoru Qretçen Uitmer isə hücumu “dəhşətli hadisə” adlandırıb.

Denmedia.az