Bu gün, 9 martda, Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri Denizli vilayətinin Buldan rayonunda yerləşib. Zəlzələnin dərinliyi təxminən 7 kilometr olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 09:21-də qeydə alınıb. Əsas təkanlardan sonra 3,1, 3,4 və 2,8 bal gücündə bir neçə afterşok da müşahidə olunub.
Məlumata görə, hələlik ciddi dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yerli qurumlar vəziyyəti nəzarətdə saxlayır və sakinlərə təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.