Türkiyə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi genişmiqyaslı antinarkotik əməliyyat çərçivəsində daha iki tanınmış şəxs saxlanılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində gecə saatlarında sosial şəbəkələrdə populyar olan Taha Özer və Simge Barankoglu həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, Barankoglu dələduzluq ittihamı ilə də axtarışda olub. Qeyd olunur ki, o, daha əvvəl — 2021-ci ilin dekabrında — sosial mediada dələduzluq sxemlərində iştirak etdiyi ehtimal edilən cinayətkar qrupla bağlı keçirilən əməliyyat zamanı saxlanılmış, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.