İstanbul iki gün əvvəl gecə saatlarında dəhşətli bir qətl hadisəsinə şahid olub. Hadisə kağız toplayan şəxsin zibil konteynerində başsız qadın meyiti tapması ilə başlayıb və ortaya çıxan yeni təfərrüatlar onu daha da qan donduran hala gətirib.
Araşdırmalar zamanı meyitin başı və ayaqları ayrı-ayrı konteynerlərdə aşkar edilib. Barmaq izləri vasitəsilə şəxsiyyəti müəyyənləşdirilən meyitin Özbəkistan vətəndaşı, 36 yaşlı Durdona Xokimovaya aid olduğu məlum olub.
İstintaq çərçivəsində meyiti çamadanla daşıyan iki şübhəli şəxs müəyyən edilib. İstanbul Təhlükəsizlik İdarəsinin Qətl Bürosu əməkdaşları tərəfindən kamera görüntülərinin araşdırılmasından sonra şübhəlilər İstanbul Hava Limanında Gürcüstana qaçmaq istəyərkən saxlanılıblar.
Məlum olub ki, qətl Ümraniyə rayonunun Atatürk məhəlləsində törədilib. Şübhəlilər qadını həmin evdə parçalara ayıraraq çamadana yerləşdiriblər, daha sonra isə taksi ilə Şişliyə apararaq zibil konteynerlərinə atıblar.
İstintaq zamanı qadını əsasən bıçaqlayaraq öldürən şəxsin onun sevgilisi — Dilşod Axrol oğlu T. olduğu müəyyən edilib. Hadisədən sonra qatilin dostunu çağırdığı və birlikdə meyiti parçaladıqları da üzə çıxıb.
Gayrettepe Təhlükəsizlik İdarəsinin Qətl Bürosunda dindirilmə zamanı Dilşod Axrol oğlu T.-nin verdiyi ilkin ifadə dəhşət doğurub. Onun sözlərinə görə, Durdonanı evinə dəvət edib, evə gəldikdən sonra naməlum səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, bıçağı əlinə alan kimi Durdona qaçmağa çalışıb, lakin arxasından bıçaqlanıb. Qarşıdurma zamanı qolları və ayaqları da bıçaq zərbələri alıb. Qadın öldükdən sonra meyitdən xilas olmaq üçün onu hissələrə ayıraraq paketlərə qoyub və çamadanın içinə yerləşdiriblər.
Qeyd edilib ki, Durdona Xokimova üç il əvvəl Özbəkistandan Türkiyəyə gəlib, İstanbula yerləşərək ov ləvazimatları mağazası açıb. Bir il əvvəl isə TikTok-da, özü kimi Özbəkistan vətəndaşı olan Dilşod Axrol oğlu T. ilə tanış olub. Kişi tikinti sahələrində işləyirmiş. Sosial şəbəkədə başlayan tanışlıq qısa müddətdə üzbəüz görüşə, daha sonra isə sevgi münasibətinə çevrilib.
İlk vaxtlar münasibət normal getsə də, kişinin davranışları səbəbindən qadın ayrılmaq qərarı verib, lakin Dilşod buna razı olmayıb. Zaman-zaman mübahisələr yaşansa da, yenə də görüşməyə davam ediblər.