Külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunan Maya Mustafayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
DenMedia.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Maya Mustafayevanın səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Zaman məhdudiyyətindən vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti proses fevralın 9-na təyin olunub.
İttihama görə, Maya Mustafayeva 2023-cü ilin sentyabrında Bakı sakini Şəmşad Mikayılovu mənzil satışı adı ilə aldadıb.
M.Mustafayeva onu iş yoldaşı Həzrət Qələndərli ilə tanış edib. Həzrət Maya vasitəsilə özü və qohumlarının münasib qiymətə ev aldığını deyərək Şəmşad Mikayılovu inandırıb.
Onlar birlikdə Yasamal rayonu, MİDA-2 (Mənzil İnşaatı Dövlət Agentliyi) yaşayış kompleksindəki mənzilə baxıblar. Maya Mustafayeva evə görə 17 min manat ilkin ödəniş tələb edib. Bundan sonra sənədləri onun adına keçirəcəyinə vəd verib.
Əvvəlcə onun kart hesabına dörd min manat göndərilib. Daha sonra Maya qalan pulu tələb edərək verilməyəcəyi təqdirdə həmin məbləğin də batacağını bildirib.
Bundan sonra Şəmşad Mikayılov Sabunçuda olan evini 12 min manata sataraq pulu Mayaya verib. Amma vəd olunan kimi evin sənədləri təqdim edilməyib. Maya Şəmşadı aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub.
Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb.
Bu barədə notarial qaydada müqavilə də mövcud olub. Şəmşad Mikayılov Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra Maya Mustafayeva tutulub. O, iltizamla öhdəlik götürüb ki, 10 günə pulu qaytaracaq. Amma bu vəd də yerinə yetirilməyib. Maya Mustafayeva telefon nömrəsini dəyişib və onunla əlaqə saxlamaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Maya Mustafayevanın gizləndiyi ünvan müəyyən olunub və o tutularaq istintaqa təhvil verilib.
Maya Mustafayevaya Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.