Geri qayıt Çap et

Sabah qəzeti: İstanbulda özbəkistanlı qadının başsız meyiti tapılıb

İstanbulun Şişli rayonunda zibil konteynerində başsız qadın meyiti aşkar edilib.

Özbəkistanın İstanbul şəhərindəki Baş Konsulluğu Türkiyə KİV-lərində Şişli rayonunda özbəkistanlı qadının başsız meyitinin tapılması ilə bağlı yayılan məlumatı təsdiqləyib.

Bildirilib ki, 24 yanvar axşam saatlarında çarşafa bükülmüş cəsəd tullantı konteynerində kağız yığımı ilə məşğul olan şəxs tərəfindən aşkarlanıb və bu barədə polisə məlumat verilib.

Hüquq-mühafizə orqanları, məhkəmə-tibbi ekspertiza mərkəzi və prokurorluqla birgə aparılan araşdırmalar nəticəsində mərhumun şəxsiyyəti müəyyən edilib. Onun Özbəkistan vətəndaşı Durdona Hakimova olduğu təsdiqlənib. Sabah qəzeti qadının 37 yaşında olduğunu yazır.

Hadisə ilə bağlı Türkiyədən Gürcüstana uçmağa cəhd edən iki nəfər saxlanılıb. BirGün nəşrinin məlumatına görə, qaçmağa çalışanlar 31 və 29 yaşlı Özbəkistan vətəndaşlarıdır. İstintaq çərçivəsində 58 yaşlı üçüncü şübhəli də saxlanılıb.

Özbəkistanın diplomatik nümayəndəliyinin əməkdaşları mərhumun ailə üzvləri ilə əlaqə saxlayıb və zəruri konsulluq-hüquqi yardım göstərir.

DenMedia.az