Geri qayıt Çap et

Eyni qayda pozuntusu: narkotik təsiri altında sürücü təkrar saxlanıldı

Paytaxt sakini Elyar Veyisov idarə etdiyi "Toyota" markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

DenMedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı qeyri-adekvat hərəkətləri şübhə doğuran sürücünün altı ay əvvəl narkotik sərxoşluğuna görə məsuliyyətə cəlb olunduğu aşkar edilib. Növbəti dəfə tibbi müayinədən keçirilən E.Veyisov yenidən narkotik maddə qəbul etməsini etiraf edib.

Eyni qanunazid əməli təkrar törətdiyinə görə E.Veyisov məhkəmənin qərarı ilə iki il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

"BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir", - məlumatda bildirilib.