Malayziyada sirli bir cinayət hadisəsi baş verib. Naməlum şəxs valideynlər qısa müddətlik kafeyə girən zaman salonunda azyaşlı uşaq olan avtomobili qaçırıb. Hadisə barədə Mothership məlumat yayıb.
İnsident Petalinq-Caya şəhərində səhər saat təxminən 07:30 radələrində qeydə alınıb. Ər-arvad avtomobillə kafeyə yaxınlaşıb, beş yaşlı qızlarını maşında qoyaraq səhər yeməyi almağa gediblər. Qayıdanda isə avtomobilin dayanacaqda olmadığını görüblər və dərhal polisə müraciət ediblər.
Təxminən üç saat davam edən axtarışlardan sonra avtomobil yaşayış komplekslərindən birinin yaxınlığında tapılıb. Uşaq arxa oturacaqda olub və ona heç bir xəsarət yetirilməyib.
Buna baxmayaraq, avtomobili kimin qaçırdığı və niyə sonradan tərk etdiyi hələ də müəyyən olunmayıb. Hadisə ilə bağlı istintaq davam edir.
Şəhər polisinin rəisi valideynlərə heç bir halda uşaqları avtomobildə tək qoymamaq barədə ciddi xəbərdarlıq edib.