Yaponiyanın Honşu və Hokkaydo adaları yaxınlığında 6,6 və 5,9 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Altay-Sayan Vahid Geofizika Xidməti məlumat yayıb.
6,6 maqnitudalı zəlzələ Sakit okeanda, Honşu adasının şərq sahilləri yaxınlığında baş verib. Məlumata görə, Moskva vaxtı ilə saat 05:44-də qeydə alınan zəlzələnin episentri Aomori prefekturasına aid Hatinohe şəhərindən 135 km şərqdə yerləşib.
Episentrdə yeraltı təkanların gücü “dağıdıcı” kimi qiymətləndirilib.
Bundan əlavə, Moskva vaxtı ilə 06:22-də 5,9 maqnitudalı daha bir zəlzələ Yaponiya dənizində, Hokkaydo adasındakı Hakodate şəhərindən 189 km qərbdə qeydə alınıb. Bu zəlzələnin episentrdə yaratdığı təsir “dağıdıcı” səviyyədə olub.
ABŞ Geoloji Xidməti isə ilk zəlzələnin maqnitudasını 6,7 olaraq qiymətləndirib və yeraltı ocağın 10,7 km dərinlikdə yerləşdiyini bildirib. Xidmətin məlumatına görə, ikinci zəlzələnin maqnitudası 5,5 olub.