Geri qayıt Çap et

Psixoloq ChatGPT-dən “zəhərləmə məsləhəti” alıb ərini öldürməyə cəhd etdi

ABŞ-da bir qadın ərindən qurtulmaq üçün süni intellektdən istifadə etməyə cəhd etdiyinə görə məhkəmə qarşısına çıxarılıb.

Denmedia.az xəbər verir ki, bu barədə The Independent nəşri məlumat yayıb.

İstintaq materiallarına əsasən, 43 yaşlı Şeril Harris Geits insanı necə zəhərləmək barədə ChatGPT ilə məsləhətləşib. O, süni intellektin köməyi ilə reseptli dərmanların ölümcül kombinasiyaları və zəhərli bitkilərin təsirləri barədə ətraflı məlumat əldə edib.

Polis müəyyən edib ki, qadın sonradan ərinin içdiyi Celsius enerji içkisinə psixoaktiv maddələr əlavə edib. Onun evində axtarış zamanı şprislər, kapsul hazırlama dəsti, tibbi pipetlər, tərəzilər və müxtəlif dərmanlar aşkarlanıb.

Zərərçəkən yay aylarında – iyul və avqustda – iki dəfə özünü pis hiss etdiyini və içkilərində yad maddələr tapıldığını bildirib. Bu ifadələr iş üzrə əsas sübut kimi qəbul edilib.

Məktəbdə psixoloq işləyən Geits həmçinin təqib və əmlaka zərər vurmaqda ittiham olunur. Məhkəmə onu girov qarşılığında azad etməmək qərarına gəlib və dövlət vəkili ilə təmin edib. Şagirdlərin valideynləri hadisədən sarsıldıqlarını bildiriblər və qeyd ediblər ki, insanlara kömək etməli olan birinin belə cinayətə əl atması qəbuledilməzdir.