İsrail hərbi gəmiləri Qəzza zolağı yaxınlığında “Sumud” adlı humanitar flotiliyanı ələ keçirib. Flotiliyada iqlim fəalı Qreta Tunberqin də olduğu bildirilir. Hazırda onlarla əlaqə kəsilib və taleləri naməlum olaraq qalır.
DenMedia.az xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İsrailin Hərbi Dəniz Qüvvələri iki gəmini nəzarətə götürüb. Rəsmi Tel-Əviv flotiliyanı “təxribat cəhdində” ittiham edib, çünki onlar humanitar yardımı Qəzzaya İsrailin təklif etdiyi marşrutla çatdırmaqdan imtina ediblər.
Qlobal Sumud flotiliyası Qəzza blokadasını yarmaq məqsədilə onlarla gəmidən ibarət humanitar yüklə sahilə doğru irəliləyirdi. SHOT teleqram kanalının yazdığına görə, İsrailin 20-dən çox hərbi gəmisi flotiliyanı mühasirəyə alaraq kursu dəyişməyi tələb edib. Bundan sonra gəmi heyətləri və aktivistlər mümkün ələ keçirilməyə hazırlaşarkən videobağlantı tamamilə kəsilib. İlkin məlumata əsasən, artıq flotiliyanın iki əsas gəmisi — “Alma” və “Sirius” saxlanılıb.
Qeyd edək ki, 1 oktyabrda Qreta Tunberqin olduğu flotiliyaya İsrail hərbi gəmisi yaxınlaşıb və aqressiv manevr edib. Toqquşmadan yayınmaq üçün flotiliyanın flaqmanlarından biri kəskin istiqamət dəyişib. Daha sonra İsrail gəmisi təxminən 15 dəqiqə ərzində flotiliya ətrafında dövrə vurub. Aktivistlər bunun rabitəni qəsdən zəiflətmək məqsədilə edildiyini iddia edirlər.