Geri qayıt Çap et

“Prezident istefa versin, Aİ-dən çıxaq!” – Fransada kütləvi etirazlar

Fransada bahalaşma və polis zorakılığına qarşı keçirilən kütləvi etirazlar qarşıdurmaya çevrilib. Ölkə üzrə 121 nəfər saxlanılıb.

BFMTV telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, noyabrın 14-də keçirilən aksiyalara 106 min nəfər qatılıb. Təşkilatçılar isə etirazçıların sayının 200 min olduğunu bildiriblər.

Paytaxt Parislə yanaşı, Bordo, Lion, Nant və Tuluza şəhərlərində də genişmiqyaslı nümayişlər keçirilib.

Parisdə etirazçılar Prezidentin istefasını və Fransanın Avropa İttifaqından çıxmasını tələb ediblər. Respublika meydanından Millət meydanına doğru yürüş edən nümayişçilər “Hamımız birlikdə zorakılığa qarşı”, “Uşaqlarımızın həyatı onların qazancından dəyərlidir” və “Varlılara vergi!” şüarları səsləndiriblər.

Etirazların əsas səbəblərindən biri parlamentdə müzakirə olunan qanun layihəsidir. Sənəd hüquq-mühafizə orqanlarının əməkdaşlarının silahdan istifadəsinin qanuni olması prezumpsiyasını nəzərdə tutur.

Əsasən gənclərin, tələbə birliklərinin və solçu hərəkatların qatıldığı aksiyalar zamanı polislə qarşıdurmalar yaşanıb.

Nümayişlər gənclər təşkilatlarının və “Sarı jiletlilər” hərəkatının çağırışı ilə təşkil olunub. İğtişaş ehtimalına görə təhlükəsizlik tədbirləri gücləndirilib.

Böyük həmkarlar ittifaqları isə aksiyalara qoşulmayıb. Onlar noyabrın 17-də ümummilli tətil çərçivəsində ayrıca etiraz aksiyaları keçirməyi planlaşdırırlar.

Denmedia.az