ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper Prezident Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı məruzə təqdim edib.
Bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ rəsmilərinə və müzakirələrdən məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, görüş oktyabrın 29-da Ağ Evdə keçirilib. Müzakirələrdə ABŞ-ın müdafiə naziri Pit Heqset, Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.
Nəşr qeyd edir ki, Yaxın Şərqdəki Amerika qüvvələrinə rəhbərlik edən admiralın prezidentə şəxsən hərbi planlar təqdim etməsi nadir hadisədir.
Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalını nəzərdən keçirir. Bununla belə, görüşdə digər təhlükəsizlik məsələləri də müzakirə olunub.
WSJ-nin məlumatına görə, ABŞ administrasiyası noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi kampaniya ehtimalına hazırlıq görür.
Amerika rəsmilərinin Fars körfəzində yerləşən bir neçə ərəb ölkəsini qısamüddətli, lakin intensiv hərbi əməliyyata hazır olmağa çağırdığı bildirilir.
Bu arada ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir. Bölgəyə əlavə sursat və hava hücumundan müdafiə sistemləri göndərilir, mümkün hücumlar qarşısında həssas hesab edilən bazalardan hərbçilər başqa ərazilərə köçürülür.
“Associated Press” agentliyinin məlumatına görə, ABŞ müttəfiqləri İranın mümkün cavab zərbələrinin enerji obyektlərini və digər mühüm infrastrukturu hədəf ala biləcəyi barədə də xəbərdar ediliblər.
Bununla belə, mümkün əməliyyatın nə vaxt başlayacağı və ABŞ Silahlı Qüvvələrinin hazırlıq səviyyəsi ilə bağlı qeyri-müəyyənlik qalır.
Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin endirilməsi barədə hələ yekun qərar qəbul etməyib.
Ağ Ev isə bildirib ki, ABŞ Prezidenti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün variantları nəzərdən keçirmək hüququnu özündə saxlayır.