ABŞ məhkəməsi Prezident Donald Tramp administrasiyasına CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə giriş icazələrinin dərhal bərpa edilməsi barədə qərar verib.
Söhbət ötən həftə Ağ Evə girişinə qadağa qoyulan media nümayəndələrindən gedir. Məhkəmə qərarından sonra Tramp administrasiyası əvvəlcə jurnalistləri binaya buraxmasa da, daha sonra qərara əməl edib.
Kolumbiya dairəsinin federal hakimi Timoti Kelli tərəfindən qəbul edilən qərar 14 gün müddətində qüvvədə olacaq. Bu müddət ərzində məhkəmə jurnalistlərin iş üzrə araşdırma davam edən zaman Ağ Evə giriş hüququnu saxlayıb-saxlamayacaqlarını sürətləndirilmiş qaydada müəyyən etməlidir.
Hakim bildirib ki, jurnalistlərin giriş icazələrinin əvvəlcədən xəbərdarlıq edilmədən və qərardan şikayət etmək imkanı yaradılmadan ləğv olunması onların Konstitusiya ilə təmin edilən hüquqlarını pozmuş ola bilər.
Kelli, həmçinin, Ağ Ev administrasiyasının jurnalistlərin girişinə qoyulan məhdudiyyətin milli təhlükəsizlik maraqları ilə əlaqədar olması barədə iddiasını əsaslandırmaq üçün kifayət qədər sübut təqdim etmədiyini qeyd edib.
Məhkəmə qərarından sonra CNN, MS NOW və Politico əməkdaşları Ağ Evə daxil olmağa çalışsalar da, əvvəlcə onların girişinə icazə verilməyib.
Media qurumlarının məlumatına görə, ABŞ Məxfi Xidmətinin əməkdaşları giriş vəsiqələri hələ əllərində olan jurnalistlərin də sənədlərini götürüblər. Bəzi müxbirlərin giriş icazələri isə daha əvvəl, sentyabrın 19-da ləğv edilmişdi.
Bundan sonra jurnalistlərin vəkilləri Ağ Evin məhkəmə qərarını yerinə yetirmədiyini bildirərək təcili məhkəmə iclasının keçirilməsini tələb ediblər.
Lakin bir müddət sonra CNN, Politico və MS NOW jurnalistlərinin Ağ Evə buraxıldığını açıqlayıb.
Ağ Ev administrasiyası isə jurnalistlərin giriş icazələrinin bərpası prosesinə səhər saat 09:00-dan etibarən başlanıldığını bildirib.