Almaniyada xəstəxanalar və Bundesver müharibə və kütləvi sayda yaralının qəbulu ehtimalına qarşı hazırlığı gücləndirir.
Bloomberg-in məlumatına görə, mövcud qiymətləndirmələr Almaniyanın səhiyyə sisteminin genişmiqyaslı hərbi münaqişə şəraitində yarana biləcək uzunmüddətli yükə hələ tam hazır olmadığını göstərir. Əsas problemlər arasında xəstəxana çarpayılarının məhdudluğu, döyüş travmalarının müalicəsində təcrübəli mütəxəssislərin çatışmazlığı, logistika zəncirlərinin həssaslığı və dərman təchizatından asılılıq göstərilir.
Bundesverin planlaşdırma ssenarisinə görə, böyük hərbi münaqişə zamanı Almaniya xəstəxanalarına gündə 1000-dək yaralı və xəstə hərbçi daxil ola bilər. Almaniya Silahlı Qüvvələri də bu rəqəmi rəsmi planlaşdırma göstəricisi kimi açıqlayıb.
Belə ssenaridə ölkədəki beş hərbi hospitalın imkanlarının kifayət etməyəcəyi və mülki xəstəxanaların da prosesə geniş şəkildə cəlb olunacağı nəzərdə tutulur. Bundesver bildirir ki, böhran və müdafiə vəziyyətində hərbi və mülki səhiyyə strukturlarının sıx əməkdaşlığı zəruri olacaq.
Ulm hərbi hospitalının rəhbəri Benedikt Frimert mövcud vəziyyəti belə qiymətləndirib:
“Səhiyyə sistemimiz buna hazırdırmı? Yeganə cavab ‘xeyr’dir. Bizi gözləyən sprint deyil, marafondur”.
Almaniya hökuməti böhran və müdafiə vəziyyətində səhiyyə sisteminin fəaliyyətini gücləndirmək üçün yeni səhiyyə təhlükəsizliyi qanunu üzərində də işləyir. Qanun layihəsində xəstəxanaların müdafiə vəziyyətinə hazırlığı ilə bağlı tələblər nəzərdən keçirilir.