Geri qayıt Çap et

“Şəhidlərimizin qanı yerdə qalmadı” – İlham Əliyev

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşdə Azərbaycan xalqının 30 il əzab-əziyyət içində yaşadığını, bu gün isə qalib xalq və qalib dövlət kimi yaşadığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün yaşananlara baxmayaraq, Ermənistan və erməni xalqına qarşı eyni əməlləri törətməyib.

“Bütün bu əzablara, işgəncələrə və soyqırımı aktlarına baxmayaraq, biz Ermənistana və erməni xalqına qarşı analoji addımlar atmadıq. İkinci Qarabağ müharibəsi zamanı yalnız hərbi birləşmələrə zərbələr endirdik. Ermənistandan fərqli olaraq, biz heç vaxt silahsız mülki əhaliyə qarşı müharibə aparmamışıq”, – Prezident bildirib.

İlham Əliyev müharibə dövründə qisasın döyüş meydanında alınmasının vacibliyini bəyan etdiyini də xatırladıb.

“Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanının qisasını düşməndən aldıq, düşməni məğlub etdik və onu kapitulyasiyaya məcbur etdik”, – dövlət başçısı vurğulayıb.

Prezident həmçinin bildirib ki, Ermənistan 30 illik işğal dövründə Qarabağda öz rəhbərləri üçün villa və malikanələrdən başqa heç nə tikməyib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan son 4–5 il ərzində təxminən 15 min kvadratkilometr ərazini əhatə edən azad edilmiş torpaqların simasını tamamilə dəyişib.

Denmedia.az