ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbə endirməməsi ilə bağlı qarşılıqlı razılığa gəldiyini bildirib.
Reuters-in məlumatına görə, Tramp qlobal neft və yanacaq bazarlarında son dövrdə müşahidə olunan vəziyyətdən danışarkən Moskva ilə Kiyev arasında əldə olunduğunu bildirdiyi razılaşmaya toxunub.
“Rusiya və Ukrayna qarşılıqlı olaraq bir-birinin enerji obyektlərini vurmamağa razılaşıb”, – Tramp bildirib.
ABŞ Prezidenti yanacağın, xüsusilə dizelin qiymətindəki artıma da münasibət bildirib. Onun sözlərinə görə, bahalaşmanın əsas səbəbi İran ətrafında gedən müharibə deyil, Rusiya–Ukrayna müharibəsidir.
Reuters yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski enerji obyektlərinə qarşılıqlı zərbələrin dayandırılması ideyasına müsbət yanaşdıqlarını, lakin bunun üçün Rusiyanın da razılaşmaya əməl etməsinin vacib olduğunu bildirib.
Tərəflərin enerji infrastrukturuna hücumları dayandırması qlobal enerji bazarındakı gərginliyin azalmasına təsir göstərə bilər. Bununla belə, razılaşmanın praktikada necə həyata keçiriləcəyi və nə dərəcədə davamlı olacağı hələlik məlum deyil.