Geri qayıt Çap et

Vaydel seçkidən sonra sərtləşdi: Aİ-yə ödənişlər azaldılacaq, Ukraynaya yardım dayandırılacaq

Almaniyanın Saksoniya-Anhalt federal torpağında sentyabrın 6-da keçirilən parlament seçkilərində “Almaniya üçün Alternativ” (AfD) 43,8 faiz səslə birinci olub və indiyədək əyalət seçkilərindəki ən yüksək nəticəsini göstərib. Partiya 83 yerlik parlamentdə 39 mandat qazanıb, lakin təkbaşına hökumət qurmaq üçün lazım olan mütləq çoxluğa çata bilməyib.

Seçkidən sonra diqqətlər AfD-nin həmsədri Alis Vaydelə yönəlib. O, Avropa İttifaqı, Ukrayna və Almaniyada yaşayan miqrantlarla bağlı sərt mövqeyini bir daha dilə gətirib.

Vaydel Almaniyanın Aİ büdcəsinə ödədiyi vəsaitlərin azaldılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, partiya hakimiyyətə gələrsə, Brüssel və Strasburqa edilən ödənişlərdə ciddi ixtisarlar aparılacaq.

“Artıq qonşu ölkələr üçün bütün bu əyləncənin xərcini ödəməyəcəyik. Pullarımızı geri istəyirik və ciddi ixtisarlar edəcəyik”, – AfD lideri bildirib.

Vaydel Almaniyada yaşayan suriyalılarla bağlı da danışaraq sığınacaq hüququnun müvəqqəti xarakter daşıdığını vurğulayıb. O bildirib ki, ölkəsini tərk etməyə səbəb olan təhlükə aradan qalxarsa, həmin şəxslər Suriyaya geri qayıtmalıdırlar.

AfD lideri eyni zamanda Almaniyada yaşayan ukraynalılara verilən sosial yardımları tənqid edib. Xüsusilə hərbi xidmət yaşında olan gənc ukraynalı kişilərin ölkələrinə qayıtmalı olduğunu deyib.

Vaydel partiyasının hakimiyyətə gələcəyi təqdirdə Ukraynaya maliyyə ödənişlərini və müharibə ilə bağlı dəstəyi dayandıracağını, hətta Kiyevdən əvvəlki yardımlar üzrə müəyyən vəsaitlərin geri qaytarılmasını tələb edə biləcəyini bildirib.

AfD-nin Saksoniya-Anhaltda qazandığı nəticə Almaniya siyasətində ciddi dəyişiklik kimi qiymətləndirilir. Partiya səslərin 43,8 faizini toplasa da, mütləq çoxluq üçün üç mandat çatmayıb.

Denmedia.az