Rusiya hərbçiləri iyulun 26-na keçən gecə Kiyevə ballistik raketlərlə zərbə endirib.
Bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə və Kiyev Şəhər Hərbi Administrasiyasına istinadən məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələri əvvəlcə şimal istiqamətindən ballistik raket təhlükəsi barədə xəbərdarlıq edib. Daha sonra raketlərin Çerniqov vilayətindən keçərək Kiyev istiqamətində hərəkət etdiyi bildirilib.
Bir müddət sonra Ukrayna paytaxtında ardıcıl partlayış səsləri eşidilib.
Kiyev meri Vitali Kliçko hücumun şəhərin bir neçə rayonunda fəsadlara səbəb olduğunu açıqlayıb.
Şevçenkovski rayonunda raket qalıqları 18 mərtəbəli yaşayış binasının üzərinə düşüb, nəticədə binanın yeddinci və səkkizinci mərtəbələri səviyyəsində yanğın başlayıb.
Solomenski rayonunda qalıqların düşməsi nəticəsində qeyri-yaşayış ərazisində yanğın baş verib. Desnyanski rayonunda isə avtomobillər və dayanacaq yanıb.
Hadisə yerlərinə təcili yardım və fövqəladə xidmət əməkdaşları cəlb olunub.