Oman və İran yaxın günlərdə Hörmuz boğazında gəmiçiliyin bərpası ilə bağlı yeni plan üzrə ilkin razılığa gələ bilərlər.
Axios mənbələrə istinadən xəbər verir ki, danışıqlar Tehranda keçirilir və artıq müəyyən irəliləyiş əldə olunub.
Portalın məlumatına görə, Oman nümayəndə heyətinin İran paytaxtına gəlişindən sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı növbəti zərbələrin endirilməməsi barədə göstəriş verib.
Regional mənbələr bildirirlər ki, Oman və İran arasında razılaşma həftəsonunadək əldə oluna bilər.
Bundan sonra təklif olunan sazişin qəbul edilib-edilməməsi ilə bağlı son qərarı Donald Tramp verməlidir.
Qeyd olunur ki, həftənin əvvəlində Qətər, Misir, Pakistan və digər vasitəçilər tərəflərə 10 günlük atəşkəs təklifi təqdim ediblər. Tramp isə cümə günü İranın münaqişənin həlli ilə bağlı təkliflərini dinləməyə hazır olduğunu bildirib.
Razılaşma əldə edilərsə, bu, dəniz marşrutunun açılmasına və Yaxın Şərqdə gərginliyin azalmasına səbəb ola bilər. Əks halda, hərbi təzyiqin davam edəcəyi bildirilir.