İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndəki ABŞ obyektlərinə qarşı raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə birgə əməliyyata başladığını açıqlayıb. Reuters-in İranın Tasnim agentliyinə istinadən yaydığı məlumata görə, əməliyyat ABŞ-ın daha əvvəl endirdiyi iddia olunan zərbələrə cavab olaraq həyata keçirilir.
Məlumata əsasən, cavab zərbələrinin hədəfi Küveytdəki ABŞ aviabazası və Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin bazası olub.
SEPAH-ın açıqlamasında bildirilib ki, bundan az əvvəl ABŞ hərbçiləri İranın beş sahil postuna hücum edib. İran tərəfinin iddiasına görə, bu addımlar atəşkəs şərtlərini pozur və İran-ABŞ memorandumuna ziddir.
SEPAH xəbərdarlıq edib ki, bu cür hərəkətlər tərəflər arasında diplomatik prosesin tamamilə dayanmasına səbəb ola bilər.
Qurumun açıqlamasında yaxın günlərdə Yaxın Şərqdəki ABŞ bazalarını “cəhənnəm” gözlədiyi bildirilib.