Geri qayıt Çap et

Venesuelada morqlar doldu: meyitlər küçələrə düzülür - FOTO

Venesuelada ard-arda baş verən iki güclü zəlzələ nəticəsində dağılan şəhərlərdə morqların tutumu kifayət etməyib. Həyatını itirənlərin meyitlərinin küçələrə düzülməsi ilə bağlı yayılan görüntülər fəlakətin miqyasını və yaşanan çarəsizliyi ortaya qoyub.

Son məlumatlara əsasən, iki zəlzələ nəticəsində ölənlərin sayı 920-yə, yaralananların sayı isə 3 min 360-a çatıb.

Venesuelanın şimalında ard-arda baş verən 7,2 və 7,5 bal gücündə dağıdıcı zəlzələlərdən sonra ölkədə ağır vəziyyət yaranıb. Axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Ölən və yaralananların sayının hər saat artdığı bildirilir.

Fəlakətin ən ağır təsir göstərdiyi paytaxt Karakas və sahil bölgəsində yerləşən La-Quaira kimi ərazilərdə infrastrukturun ciddi zərər gördüyü qeyd olunur.

Yaralıların xəstəxanalara axın etdiyi ölkədə ən böyük problemlərdən biri də həyatını itirənlərin meyitlərinin saxlanılması ilə bağlı yaşanır. Şəhərlərdəki mövcud morqlar ağır itkilər fonunda tamamilə yetersiz qalıb.

Morqların dolması səbəbindən dağıntılar altından çıxarılan və şəxsiyyəti müəyyən edilməyi gözləyən çox sayda cansız bədən küçələrə, xəstəxana həyətlərinə və səkilərə yan-yana düzülüb. Meyitlərin bəzilərinin adyal, parça və ağ örtüklərə büküldüyü bildirilir.

Bölgədən yayılan görüntülərdə yaxınlarını tanımağa çalışan insanların küçələrdə göz yaşları içində gözlədiyi görünür.

Rəsmilər fəlakətin miqyasının çox böyük olduğunu bildirərək beynəlxalq yardım çağırışlarından sonra xilasetmə qruplarının bölgəyə çatmağa başladığını açıqlayıblar.

Hökumət tərəfindən verilən açıqlamada, “Bu faciənin miqyası ilə bağlı heç nəyi gizlətməyəcəyik. Bütün gücümüzlə dağıntılar altında qalanlara çatmağa və həyatını itirənlərlə bağlı prosedurları sürətləndirməyə çalışırıq”, — deyə bildirilib.

Milyonlarla insanın təsirləndiyi zəlzələ bölgələrində elektrik və su kəsintilərinin davam etdiyi, minlərlə sakinin evlərinə girməyə qorxduğu üçün gecəni küçələrdə keçirdiyi qeyd olunur.

Dağıntıların təmizlənməsi işləri davam edərkən, ölənlərin sayının daha da artacağından ehtiyat edilir.

DenMedia.az