ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton məxfi sənədlərlə düzgün davranmamaq işi üzrə günahını etiraf edib. Bu barədə Reuters məlumat yayıb.
Bolton bunu cümə günü Merilend dairəsinin federal məhkəməsində hakim Teodor Çuanqın qarşısında keçirilən dinləmədə bildirib. O, “belə alındığı üçün təəssüfləndiyini” deyib.
İstintaqla əldə olunan razılaşmanın şərtlərinə görə, yekun cəzanı hakim müəyyən edəcək. Cəza şərti məhkumluqdan beş ilədək azadlıqdan məhrumetməyə qədər ola bilər.
Bundan əlavə, Bolton 2,25 milyon dollar məbləğində cərimə ödəməyə razılaşıb. Bu məbləğin yarısını hökm elan edildikdən sonra beş gün ərzində, qalan hissəsini isə 90 gün ərzində ödəməlidir.
77 yaşlı keçmiş məmur həmçinin 100 saata qədər ictimai işlərdə çalışmağı, kəşfiyyat və Ədliyyə Nazirliyi nümayəndələri tərəfindən sorğu prosedurundan keçməyi öhdəsinə götürüb. O, dövlət pensiyasından da məhrum edilir. Hakim hökmün elan olunmasını oktyabr ayına təyin edib.
Bolton iki qohumuna memuarlarda mümkün istifadə üçün həssas məlumat ötürməkdə ittiham olunurdu. Söhbət, xüsusilə, kəşfiyyat brifinqləri, yüksək vəzifəli məmurlar və xarici liderlərlə görüşlərdən sonra hazırlanmış qeydlərdən gedirdi.
Ötən il Bolton ona qarşı irəli sürülmüş 18 ittiham bəndinin hamısı üzrə günahını qəbul etməmişdi.
Onun “Hadisənin baş verdiyi otaq” adlı kitabı Trampın ilk prezidentlik müddətində onun komandasında işlədiyi dövrə həsr olunub. Kitabda Bolton Trampı prezident vəzifəsini tutmağa hazır olmamaqda ittiham etmişdi. Bu isə onların arasında açıq qarşıdurmaya səbəb olmuşdu.
Bununla belə, prokurorluq cümə günü bildirib ki, kitabın özündə məxfi məlumatlar dərc edilməyib.
İstintaqın məlumatına görə, Boltonun şəxsi elektron poçtu İranla əlaqəli olduğu ehtimal edilən şəxs tərəfindən sındırılıb. Prokurorluq bu ittihamı da cümə günü təkrar səsləndirib.
Bolton Trampın siyasi rəqibləri arasında ABŞ Ədliyyə Nazirliyinin hazırkı tərkibi dövründə barəsində cinayət işi açılan bir neçə tanınmış şəxsdən biridir. Qeyd olunur ki, bu, hüquq-mühafizə sisteminin partiya siyasətindən ayrı saxlanılması ilə bağlı uzunillik ənənəni sarsıdır.
Lakin digər oxşar işlərdən fərqli olaraq, Boltonla bağlı araşdırma Trampın 2025-ci ildə Ağ Evə qayıtmasından əvvəl başlanıb və karyera federal prokurorlarının dəstəyi ilə aparılıb.
Daha əvvəl FTB Merilend ştatının Betesda şəhərində Boltonun evində dövlət sirrinin mümkün açıqlanması ilə bağlı araşdırma çərçivəsində axtarış aparmışdı.