Geri qayıt Çap et

İran ABŞ-la qarşıdurmada qələbə qazandığını bəyan etdi

İranın xarici işlər naziri Abbas Araqçi Tehranla Vaşinqton arasında mümkün razılaşma prosesinin iki mərhələdən ibarət olacağını bildirib.

İran televiziyasına açıqlamasında Araqçi iddia edib ki, İran ABŞ-la qarşıdurmada “döyüş meydanında qələbə qazanıb” və müharibəni başa çatdırmaq üçün ən uyğun zaman üstünlüklərin mövcud olduğu dövrdür.

Onun sözlərinə görə, ilk mərhələdə 14 bənddən ibarət memorandum imzalanacaq. Bundan sonra isə qarşıdurmanın tam dayandırılması üçün 60 günlük danışıqlar aparılacaq.

Araqçi bildirib ki, razılaşma çərçivəsində bütün istiqamətlərdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması, ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının aradan qaldırılması və Hörmüz boğazının açılması nəzərdə tutulur.

“Biz həqiqətən də döyüş meydanında qələbə qazandıq”, — deyə iranlı diplomat bildirib.

XİN rəhbəri vurğulayıb ki, sənəd qarşı tərəfi gələcəkdə müharibəyə başlamaqdan, təhdidlərdən və güc tətbiqindən çəkinməyə məcbur edir. Eyni zamanda tərəflərin bir-birinin suverenliyinə hörmət etməsi və daxili işlərə qarışmaması əsas prinsiplər kimi göstərilir.

Araqçinin sözlərinə görə, danışıqların ikinci mərhələsində İranın nüvə proqramı və qüvvədə olan sanksiyaların ləğvi məsələləri müzakirə olunacaq.

DenMedia.az