Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan, Azərbaycan və ABŞ-ın iştirakı ilə nəzərdə tutulan TRIPP layihəsi — “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” artıq praktiki icra mərhələsinə keçib.
Paşinyan vurğulayıb ki, ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısa səfəri Ermənistanın daxili gündəmi baxımından da mühüm siyasi rezonans doğurub.
Onun sözlərinə görə, marşrutun işə salınması İrəvanın beynəlxalq arenadakı mövqelərini gücləndirəcək. Ağ Ev administrasiyası isə Cənubi Qafqazı Şərqlə Qərbi birləşdirən vacib enerji və tranzit dəhlizi kimi nəzərdən keçirir.
Baş nazir Şirak, Lori və Tavuş üzərindən keçən nəqliyyat istiqamətlərinin əhəmiyyətini də qeyd edib. Paşinyan bildirib ki, yaxın vaxtlarda həm şimal, həm də cənub istiqamətində dəmir yolunun açılması planlaşdırılır.
“Biz iki marşrutu — İcevan–Razdan və Vanadzor–Gümrü xətlərini birləşdirəcəyik və ən qısa dəmir yolu xəttini əldə edəcəyik. Digər tərəfdən, beynəlxalq investorlar bizə Şirak, Lori və Tavuş üzərindən keçən yeni ödənişli yolun tikintisini təklif edirlər”, deyə Ermənistan hökumətinin başçısı bildirib.