Geri qayıt Çap et

Pentaqon Hörmüz boğazında təhlükəli mərhələyə keçdi

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazında özünümüdafiə məqsədilə İran gəmilərinə qarşı xüsusi əməliyyatın başladığını bildirib.

Pentaqonun iddiasına görə, Amerika hərbçiləri boğazın minalanması ilə məşğul olduğu bildirilən gəmilərə qarşı tədbirlər görəcək.

Komandanlığın açıqlamasında qeyd olunub ki, İran Hörmüz boğazı üzərində qanunsuz nəzarət yaratmaq cəhdlərini davam etdirir. Bildirilib ki, bu cəhdlər xüsusilə minalama fəaliyyəti vasitəsilə həyata keçirilir və dəniz gəmiləri ilə dənizçilər üçün təhlükə yaradır.

Buna cavab olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı dənizçiləri və pilotları bölgədə gözlənilən təhlükəli hərbi fəaliyyətlər barədə xəbərdar edib.

Hərbi əməliyyatların Hörmüz boğazında, Omanın Musandam yarımadasının şimalında aparılması planlaşdırılır.

Açıqlamada vurğulanıb ki, ABŞ Silahlı Qüvvələrinin göstərişlərinə tabe olmayan istənilən gəmi birbaşa təhlükə mənbəyi kimi qiymətləndirilə bilər. Belə hallarda beynəlxalq hüquqa uyğun olaraq həmin gəmilərə qarşı özünümüdafiə tədbirləri görülə bilər.

Komandanlıq həmçinin gəmilərə hərəkət marşrutlarını Amerika hərbçiləri ilə razılaşdırmağı və verilən bütün göstərişlərə əməl etməyi tövsiyə edib.

DenMedia.az