Geri qayıt Çap et

Starmer və Makron 40 ölkəni bir araya gətirir - Parisdə həlledici görüş

Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron 17 aprel tarixində Hörmüz boğazının açılması ilə bağlı dünya liderlərinin sammitini keçirəcək.

Görüş Parisdə baş tutacaq və təxminən 40 ölkənin iştirakı gözlənilir. Sammit “Strait of Hormuz Maritime Freedom of Navigation Initiative” təşəbbüsü çərçivəsində təşkil olunur və əsas məqsəd təhlükəsiz gəmiçilik marşrutlarının bərpasıdır.

Məlumata görə, müzakirələr zamanı regionda kövrək atəşkəsin qorunması, dəniz yollarının təhlükəsizliyi, enerji və ticarət təchizatının sabitliyi, həmçinin qlobal iqtisadi risklərin azaldılması məsələləri gündəmdə olacaq.

Fransa və Böyük Britaniya bu təşəbbüslə bölgədə lider rol oynamaq niyyətində olduqlarını nümayiş etdirməyə çalışır. Danışıqlarda həmçinin İrana qarşı mümkün iqtisadi tədbirlər, bloklanmış gəmilərin heyətlərinə dəstək və tranzitin bərpasına hazırlıq məsələləri də nəzərdən keçiriləcək.

Rəsmi açıqlamada bildirilib ki, planlaşdırılan beynəlxalq missiya müdafiə xarakterli olacaq və əsas məqsəd gəmiçilik azadlığını qorumaq və dəniz yollarının minalardan təmizlənməsinə dəstək verməkdir.

Qeyd olunub ki, təşəbbüsdə ABŞ və İranın iştirakı nəzərdə tutulmur, lakin diplomatik dairələr istənilən real missiyanın gələcəkdə bu tərəflərlə koordinasiyanı tələb edə biləcəyini istisna etmir.

Denmedia.az