ABŞ İrana qarşı müharibədə çıxılmaz vəziyyətə düşüb, çünki Vaşinqtonun hərbi əməliyyatlar üçün aydın strategiyası yoxdur, İran isə yüksək “ağrı dözümlülüyünə” malikdir. Bu barədə Bloomberg üçün yazdığı məqalədə analitik Mark Çempion qeyd edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset ideoloji motivasiyalı rəqiblə qarşıdurmaya daxil olublar, lakin ortada aydın fəaliyyət planı yoxdur.
“İndi ABŞ çıxılmaz vəziyyətdədir. İranlılar ciddi itkilər versələr də, bir neçə pilotsuz aparat işə salmaqla Hörmüz boğazının fəaliyyətini poza və ya Fars körfəzi enerji infrastrukturunu hədəfə ala bilirlər. Bu isə onlara ABŞ-ın səbrinin tükənməsinə və ya raketlərin qarşısını almaq imkanlarının azalmasına qədər mübarizəni davam etdirməyə imkan verir”, – deyə Çempion yazıb.
Analitik vurğulayır ki, ABŞ və İsrailin maraqları bu münaqişədə üst-üstə düşmür. Onun fikrincə, İsrail iqtisadi və insan itkilərinə ABŞ-dan daha çox hazırdır.
Çempion qeyd edir ki, İsrail üçün İranın gələcək taleyi, hətta neft qiymətlərinin artması o qədər də önəmli deyil. Lakin bu məsələlər ABŞ və onun Fars körfəzi və Avropadakı müttəfiqləri üçün ciddi əhəmiyyət daşıyır.
Eyni zamanda İsraildə İrana qarşı hücumların geniş ictimai dəstək qazandığı, ABŞ-da isə əksinə, əhalinin böyük hissəsinin müharibəyə qarşı olduğu və yanacaq qiymətlərinin artdığı vurğulanır.
“Trampın əsas problemi ondan ibarətdir ki, İranın ağrı dözümlülüyü İsraildən də, amerikalı seçicilərdən də yüksəkdir. Bu isə ciddi itkilərə baxmayaraq, İrana üstünlük verir. Biz bunun nəticələrini real vaxtda görürük”, – deyə o bildirib.
Analitikin fikrincə, Tramp indi seçim qarşısındadır: ya sürətli qələbəyə ümid edərək münaqişəni davam etdirmək, ya da “şərəfsiz çıxış yolu” taparaq müharibədən geri çəkilmək.