Geri qayıt Çap et

Bank kartı məlumatlarınızı qoruyun: kiberdələduzlar yeni üsullara əl atır - VİDEO

Azərbaycanda bank kartı məlumatlarını ələ keçirməyə çalışan kiberdələduzların aktivliyi artır.

Denmedia.az Xəzər TV-ə istinadən xəbər verir ki, dələduzlar istifadəçilərə cəlbedici elanlar və mesajlar göndərərək bank kartlarının məlumatlarını əldə etməyə çalışırlar. Onlar hesabın guya bloklandığını, vizanın ödənilməsinin lazım olduğunu, sığortanın aktivləşdirilməsini, yaxud sərfəli kredit və ya uduş qazandığını bildirən mesajlar yayırlar.

İKT sahəsi üzrə mütəxəssislər qeyd edir ki, bu cür hücumların əsas məqsədi fişinqdir — yəni istifadəçilərin məxfi məlumatlarını, o cümlədən parolları və bank kartlarının tam məlumatlarını əldə etmək.

Dələduzlar tez-tez qısa müddətdə yüksək qazanc vəd edir və ya istifadəçilərə “hesabınıza şübhəli müdaxilə edilib” kimi mesajlarla psixoloji təzyiq göstərirlər.

Mütəxəssislər sosial şəbəkə istifadəçilərini şübhəli linklərə və reklamlara keçid edərkən son dərəcə diqqətli olmağa çağırırlar.

Ekspertlərin əsas tövsiyələri:

• Rəsmi kanallar vasitəsilə yoxlayın — bank və ya təşkilat adından şübhəli mesaj aldıqda həmin qurumla yalnız rəsmi sayt, qaynar xətt və ya təsdiqlənmiş sosial şəbəkə səhifələri vasitəsilə əlaqə saxlayın.

• Məlumatlarınızı qoruyun — kart məlumatlarını, parolları və digər məxfi məlumatları heç bir halda paylaşmayın və məlumatın doğruluğunu yoxlamadan pul köçürməyin.

• Tənqidi düşünün — asan qazanc vədləri və ya hesabla bağlı qəfil problemlər barədə mesajlar çox vaxt dələduzluq əlaməti olur.

Mütəxəssislər bildirirlər ki, rəqəmsal mühit genişləndikcə və onlayn imkanlar artdıqca şəxsi maliyyəni qorumağın əsas yolu diqqətli və ayıq olmaqdır.